Az.shafaqna.com xəbər verir ki,”Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Belə ki, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

“Bakı Metropoliteni” QSC-nin əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.

“Qara Qarayev–Nərimanov” mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası isə təhlükəsiz şəkildə həyata keçirilib.

“Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək. Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik”, – məlumatda qeyd olunub.