Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti Gürcüstanı terror hücumları nöqteyi-nəzərdən aşağı riskli dövlət kimi təsnif edir.

Az.shafaqna.com-un xəbərinə görə, Gürcüstan DTX illik hesabatında qeyd edir ki, beynəlxalq terror təşkilatları tərəfindən Gürcüstana olan diqqət ölkənin coğrafi mövqeyinə görə xüsusidir və bu mərhələdə terror təşkilatları Gürcüstanı terror hücumları üçün hədəf hesab etmir.

Gürcüstan DTX-nin izahatına əsasən, əsas diqqət ölkənin tranzit imkanlarına və reabilitasiya infrastrukturunun təşkilinə yönəlib.

“Mövcud vəziyyət terror təşkilatlarının gündəliyindən irəli gələrək, istənilən vaxt dəyişə bilər. Hesabat dövründə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ölkənin terror təhlükələrinə qarşı hazırlıq səviyyəsini artırmaq üçün davamlı olaraq müvafiq tədbirlər görülürdü. Əməliyyat, əməliyyat-texniki və axtarış tədbirləri həyata keçirilib. O cümlədən, ölkənin hüdudlarından kənarda terrorizm və zorakı ekstremizmlə bağlı təhlükələri və meylləri müəyyən etmək məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi məlumatın vaxtında və operativ şəkildə mübadiləsi istiqamətində tərəfdaş ölkələrin müvafiq qurumları və beynəlxalq hüquq-mühafizə təşkilatları – “Interpol” və “Europol” ilə fəal əməkdaşlıq edirdi. Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfdaş ölkələrin müvafiq xidmətləri ilə terrorizm və zorakı ekstremizmlə bağlı operativ məlumatların qarşılıqlı mübadiləsini davamlı şəkildə həyata keçirirdi. Terror təşkilatları ilə birbaşa və ya dolayı yolla əlaqəli olan, ölkə xaricində olan və gələcəkdə Gürcüstana qayıtmaq istəyən Gürcüstan vətəndaşlarının və onların ailə üzvlərinin müəyyənləşdirilməsi davam etdirilib” – hesabatda qeyd olunub.

Qurumun məlumatına əsasən, 2025-ci ildə terrorizmlə bağlı milli sanksiyalar siyahısına terrorizm ittihamı ilə mühakimə edilmiş daha iki Gürcüstan vətəndaşı salınıb.

“Hesabat dövründə Gürcüstan və birbaşa Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan terrorizmə qarşı fəaliyyət və əldə edilən nəticələr xarici tərəfdaşlar tərəfindən müsbət qiymətləndirilib. Avropa Komissiyası 2025-ci ilin noyabrın 4-də dərc edilmiş Avropa Parlamenti və Avropa İttifaqı Şurası üçün nəzərdə tutulmuş Avropa İttifaqının Genişlənmə Siyasəti üzrə Gürcüstanla bağlı komunikesində Gürcüstanın terrorizmlə mübarizə sahəsində atdığı addımları müsbət qiymətləndirib. Sənədə əsasən, Gürcüstanın terrorizmə qarşı mübarizə qanunvericiliyi əsasən Avropa İttifaqının standartlarına və BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla müvafiq beynəlxalq hüquqa uyğundur; daimi qurumlararası komissiya yaradılıb; 2022-2026-cı illər üçün Milli Terrorizmə Qarşı Mübarizə Strategiyası və onun Fəaliyyət Planı təsdiq edilib; Gürcüstan terrorizmə qarşı mübarizə üzrə beynəlxalq səylərdə iştirak edir, Gürcüstanın “Europol”, “Interpol”, NATO və BMT-nin terrorizmə qarşı mübarizə proqramları ilə əməkdaşlığından “aktiv əməkdaşlıq” kimi bəhs edilib” – hesabatda deyilir.