
Az.shafaqna.com xəbər verir ki, Pekin beynəlxalq yarımmarafonunda təxminən 12 min insanla yanaşı, 300-ə yaxın humanoid (insanabənzər) robot da iştirak edib.
Məlumata görə, robotlar arasında “Şandyan” (“Şimşək”) adlı model finişə hamıdan tez çatıb. “Qitian Daşen” komandası tərəfindən hazırlanan bu robot 21 km məsafəni 50 dəqiqə 26 saniyəyə qət edərək ötən ilin rekordunu üç dəfədən çox yaxşılaşdırıb.
Təşkilatçıların sözlərinə görə, bu nəticə insanların yarımmarafon üzrə dünya rekordundan (56 dəqiqə 42 saniyə) da daha sürətlidir.
İnsanlar arasında isə qaliblər Çin idmançıları olub: Çjao Haycze 1 saat 7 dəqiqə 47 saniyə nəticə göstərib.
Ümumilikdə yarışa 18 yaşdan yuxarı 32,4 mindən çox şəxs müraciət edib.
Yarımmarafonda humanoid robotları 100-dən çox komanda təqdim edib, onlardan 5-i xarici olub. Komandaların təxminən 40%-i avtonom, 60%-i isə uzaqdan idarə olunan robotlardan istifadə edib. Robotlar məsafəni insanlarla eyni vaxtda, lakin ayrılmış xüsusi zolaqda qət ediblər.
2025-ci ildə Çin Atletika Assosiasiyası bu yarımmarafona süni intellektin iştirakı ilə keçirilən rəsmi yarış statusu verib. Bu dəfə demək olar ki, nasazlıqsız keçən tədbir dünya mediasının diqqətini cəlb edib. Yarış həm də əlverişli hava şəraitində baş tutub — Pekində aprelin ikinci yarısı nə soyuq, nə də həddindən artıq isti olur.
Yarışda müxtəlif ölçülü robotlar iştirak edib. Qaydalara görə, robotların boyu minimum 75 sm, maksimum isə 1,8 metr olmalıdır.
Dünyada humanoid robotların qatıldığı ilk yarımmarafon isə 19 aprel 2025-ci ildə Pekinin cənub-şərqində keçirilib. Həmin yarışda 20-dən çox robot arasında qalib “Tyanqun 1.2 max” olub — 1,8 metr boyu və 52 kq çəkisi olan bu robot məsafəni 2 saat 40 dəqiqəyə qət edib. Yarış Pekin şəhər idman idarəsi və digər aidiyyəti qurumların birgə təşkilatçılığı ilə baş tutub.






























