
Az.shafaqna.com xəbər verir ki, Türkiyədə deputatlar 2040-cı ilə qədər tütün və bütün növ siqaret məhsullarının satışının tam qadağan olunmasını nəzərdə tutan qanun layihəsi hazırlayıblar.
Layihə qəbul olunarsa, yeni qaydalar Türkiyədə təxminən 19 milyon siqaret istifadəçisinə təsir edəcək. 2040-cı il yanvarın 1-dən qüvvəyə minəcək qadağadan sonra tütün məhsullarını istehsal edən, idxal edən və satan şəxslər 1 milyondan 5 milyon lirəyə qədər cərimələnəcək. Siqaret və ya siqaretə aid qurğular alan və ya saxlayan şəxslər də ciddi cərimələrlə üzləşəcək.
Qanun layihəsində tütün məhsullarının anlayışı da genişləndirilir. Buraya təkcə adi siqaretlər deyil, həmçinin elektron siqaretlər, tütün qızdırıcı cihazlar, tərkibində təbii və ya sintetik nikotin olan bütün sistemlər, hətta tütün tərkibli olmasa belə siqareti təqlid edən məhsullar da daxil edilir.
Əgər qanun qəbul edilərsə, 2040-cı ilə qədər tam qadağaya hazırlıq mərhələli şəkildə aparılacaq. İctimai yerlərdə siqaret çəkməyə qoyulan məhdudiyyətlər genişləndiriləcək, tütün məhsullarının satışı isə yalnız nağdsız ödənişlə mümkün olacaq.






























