Az.shafaqna.com xəbər verir ki, Varşava Ukraynanın Avropa İttifaqına sürətlə qəbul olunması ideyasını dəstəkləmir.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

O, bu fikri Macarıstanda seçkilərdə qalib gəlmiş “Tisa” partiyasının lideri Peter Madyarın Ukraynanın Aİ-yə tezləşdirilmiş inteqrasiyasına qarşı çıxmasına münasibət bildirərkən səsləndirib və qeyd edib ki, Polşa da eyni mövqedədir.

Nazirin sözlərinə görə, Ukrayna Aİ-yə üzv olmaq üçün bütün mərhələləri tam şəkildə keçməlidir və heç bir ölkə üçün xüsusi, sürətli prosedur tətbiq olunmayacaq. O vurğulayıb ki, bütün namizəd ölkələr eyni qaydalara əməl etməlidir və Ukrayna da bu şərtləri yerinə yetirməlidir.

Sikorski əlavə edib ki, Ukraynanı çətin danışıqlar mərhələsi gözləyir. Xüsusilə kənd təsərrüfatı və nəqliyyat kimi sahələr üzrə müzakirələrin mürəkkəb olacağı qeyd olunub.

Xatırladaq ki, Ukrayna 2022-ci ilin iyun ayından Aİ-yə namizəd ölkə statusu alıb. Son dövrlərdə isə onun 2026-cı ilin sonuna qədər sürətli qaydada birliyə qoşula biləcəyi ilə bağlı iddialar səsləndirilir.