
Az.shafaqna.com xəbər verir ki, İsrail rəhbərliyi Müstəqillik Günü ərəfəsində gözlənilməz qərarlar qəbul etməyə məcbur olub. ABŞ Prezidenti Donald Trampın səfərinin ləğvi və mərasimin tamaşaçısız, qapalı məkanda lentə alınması bölgədəki hərbi gərginliyin görünməyən tərəflərindən xəbər verir.
Tramp İsrailə gəlmir…
Rəsmi Vaşinqton səfərin ləğvi barədə hələlik yazılı bildiriş göndərməsə də, Qüds artıq reallığı qəbul edib: Tramp gəlmir. Maraqlıdır ki, bu imtina təkcə fiziki iştiraka deyil, həm də onlayn qoşulmağa şamil edilib. Bu qərarın arxasında dayanan əsas səbəb isə təqvimdəki kritik bir təsadüfdür: Mərasim İranla atəşkəs müddətinin bitməsindən cəmi 24 saat sonraya təsadüf edir. Ağ Evin bu addımı, atəşkəsin “kövrək” olması və bölgədə hər an başlaya biləcək yeni eskalasiya riskinə qarşı bir ehtiyat tədbiri kimi qiymətləndirilir.
İsrail Mükafatının təqdimetmə mərasimi…
İsrail Mükafatının təqdimetmə mərasimi ilə bağlı təhlükəsizlik protokolları görünməmiş dərəcədə sərtləşdirilib. Mərasim aprelin 22-də deyil, ayın 19-da, həm də tamaşaçı iştirakı olmadan keçiriləcək. Səbəb isə rəsmi dildə “ehtiyat tədbiri” adlandırılsa da, mahiyyət etibarilə canlı yayım zamanı baş verə biləcək mümkün raket hücumlarından sığortalanmaqdır. Dövlət başçısı İsxak Hersoq və Knesset spikerinin iştirak edəcəyi bu “qapalı” çəkiliş, dövlət elitasının təhlükəsizliyini qorumaq üçün atılan strateji bir addımdır. Baş nazir Netanyahu isə keçən il olduğu kimi bu il də kadrda görünməyəcək.
Müğənni Noa Kirel də gəlmir…
Proqrama görə Trampın nəvəsi Arabella Kuşnerlə səhnə bölüşməli olan ulduz müğənni Noa Kirelin iştirakı tamamilə ləğv edilib. ABŞ prezidentinin şəxsən iştirak etmədiyi bir mühitdə belə bir performansın riskli və mənasız hesab edildiyi bildirilir. Trampın mükafatı isə “daha təhlükəsiz bir zamanda” – gələcək rəsmi səfər zamanı təqdim olunacaq.






























