Uqanda, Çin və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu belə qənaətə gəlib ki, Ngogo adlı böyük şimpanze icması parçalanma mərhələsinə keçərək “vətəndaş müharibəsi”nə bənzər qarşıdurmaya sürüklənib.

Az.shafaqna.com xəbər verir ki, nəticədə 200-dən çox fərddən ibarət qrupda ən azı 24 şimpanze həyatını itirib.

Oxu.Az xəbər verir ki, Uqandanın Kibale milli parkında yaşayan bu şimpanzelər üzərində uzunmüddətli müşahidələrin nəticələri “Science” jurnalında dərc olunub.

Alimlərin sözlərinə görə, Ngogo şimpanzeləri 20 ildən artıq müddətdə güclü sosial bağlara malik vahid və sabit icma kimi fəaliyyət göstərib. Bu dövrdə qrup daxilində ciddi münaqişələr olmayıb, əksinə, onlar qonşu şimpanze qrupları ilə birlikdə mübarizə apararaq yeni ərazilər əldə ediblər.

Lakin 2015-ci ildə qrup daxilində yüksək mövqeyə malik bir sıra əsas erkək fərdlərin xəstəlik nəticəsində ölməsindən sonra vəziyyət dəyişməyə başlayıb. Bu itkilər sosial əlaqələri zəiflədib, onların yerinə daha aqressiv fərdlərin gəlməsi isə gərginliyi artırıb. 2018-ci ildə parçalanma açıq şəkildə hiss olunmağa başlayıb, sosial və reproduktiv əlaqələr pozulub və nəticədə qrup iki hissəyə bölünüb. Bundan sonra bir qrupun erkəkləri digər qrupun üzvlərinə hücum etməyə başlayıb.

Sonda bu qarşıdurma genişmiqyaslı və davamlı “vətəndaş müharibəsi”nə çevrilib və ən azı 24 şimpanzenin ölümü ilə nəticələnib. Alimlər hesab edir ki, real itkilər daha çox ola bilər. Hazırda münaqişə hələ də davam edir, baxmayaraq ki, bəzi əsas erkəklər artıq ölüb.

Tədqiqatçılar münaqişənin dəqiq səbəbləri ilə bağlı yekdil fikrə gəlməsələr də, ehtimal edirlər ki, bu vəziyyət qrupun həddindən artıq böyüməsi, nəzarət etdiyi ərazilərin genişlənməsi və bunun nəticəsində daxili rəqabətin artması ilə bağlıdır.

Alimlər qeyd edir ki, şimpanzelər arasında bu cür genişmiqyaslı qarşıdurma sonuncu dəfə 1970-ci illərdə Tanzaniyada qeydə alınıb. Tarixə “Qombe şimpanze müharibəsi” və ya “dördillik müharibə” kimi düşən həmin hadisədə təxminən 10 şimpanze ölmüş, nəticədə isə bir qrup digərinin erkəklərini demək olar ki, tam məhv edərək onları ərazidən qovmuşdu.