
Rusiya Qırğızıstana döyüş texnikasının tədarükünü sürətləndirəcək.
Az.shafqna.com xəbər verir ki, qırğz tərəfi bürokratik əngəlləri və müxtəlif razılaşdırma müddətlərini azaldaraq ordunun yenidən silahlandırılmasını sürətləndirir.
Qırğızıstan hökumətindən bildirildiyinə görə, silahlanma parkının modernləşdirilməsini sürətləndirmək imkanı Rusiya ilə hərbi-texniki əməkdaşlığın inkişafı barədə əldə olunan razılaşmalar nəticəsində yaranıb. Bundan istifadə etmək üçün respublikanın Nazirlər Kabineti ölkələr arasında qüvvədə olan sazişə dəyişikliklər edən protokolun ratifikasiyası ilə bağlı qanun layihəsini parlamentin müzakirəsinə təqdim edib.
Hökumət qanunvericilərə Rusiya hərbi-sənaye kompleksindən tədarük müqavilələrinin hazırlanma müddətlərinin azaldılmasını, həmçinin onların razılaşdırılması prosedurlarının sadələşdirilməsini təklif edir. Nəticədə səlahiyyətli qurumlar uzunmüddətli bürokratik prosedurlar olmadan — hətta Rusiya tərəfdən tələb olunan məhsulların siyahısı tam təsdiqlənməmişdən əvvəl də — müqavilələr bağlaya biləcəklər. Gözlənilir ki, bu, Qırğızıstana zəruri ehtiyat hissələrinin, avadanlığın və texnikanın çatdırılmasını, eləcə də onların təmiri, modernləşdirilməsi və servis xidmətlərinin həyata keçirilməsini sürətləndirəcək.
Eyni zamanda respublika rəhbərliyi mütəxəssislərin hazırlanması, hərbi-sənaye kompleksinin məhsulları üzrə texniki sənədlərin ötürülməsi və hərbi texnikanın kompleks xidmətlə təmin olunması sahələrində Rusiya ilə əməkdaşlıq imkanlarını genişləndirmək niyyətindədir.






























