Maldiv adalarından üzən şəhər evləri inşa ediləcək. Hər bir evin dəyəri təxminən 250 000 dollar olacaq.

Az.shafaqna.com xəbər verir ki, ölkənin paytaxtı Male yaxınlığında isti sulu laqunda yerləşən yeni rayon minlərlə yaşayış evini əhatə edəcək və burada 20 000-ə qədər insan yaşayacaq.

O, altıbucaqlı formalı bir neçə üzən qurğudan ibarət olacaq və ada şəklində tikilmiş dünyanın ilk su şəhəri olacaq.

Ənənəvi Maldiv dənizçilik mədəniyyətindən ilhamlanan layihənin hazırlanmasına 2009-cu ildə başlanılıb və onun tam olaraq 2027-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Üzən şəhərin tikintisi həm də ekoloji səbəblərlə, yəni qlobal istiləşmə ilə bağlı dəniz səviyyəsinin yüksəlməsi ilə izah olunur. Maldiv adalarının 80%-i dəniz səviyyəsindən bir metrdən az hündürlükdə yerləşir və proqnozlara görə, 2100-cü ilə qədər arxipelaqın böyük hissəsi su altında qalaraq yaşayış üçün yararsız olacaq.

Şəhəri layihələndirən mühəndislər bir çox məsələləri, ilk növbədə isə təhlükəsizliyi təmin etməli olublar. Bu, belə ölçüdə üzən qurğunun yaradılması zamanı xüsusilə vacibdir.

“100 illik proqnoz üçün təbiət qüvvələrini, dalğaları, ekstremal hava şəraitini və dəniz səviyyəsinin yüksəlməsini əvvəlcədən nəzərə almaq lazımdır”, – deyə qeyd edilib.

Şəhərin dizaynı Faviidae ailəsinə aid olan və “beyinvari” adlandırılan mərcanlardan ilhamlanıb. Bu dəniz orqanizmləri sferik forması və qabartılı səthi ilə insan beynini xatırladan koloniyalar yaradır. Bu bənzətmə təsadüfi deyil və layihənin ekoloji yanaşmanı əsas prioritetlərdən biri kimi qəbul etdiyini göstərmək məqsədi daşıyır. Üzən şəhərin aşağı hissəsinə süni mərcan sahilləri əlavə olunacaq ki, təbii mərcanların böyüməsi stimullaşdırılsın.

“Maldivdə üzən şəhər torpaq rekultivasiyasını tələb etmir, buna görə də mərcan riflərinə minimal təsir göstərir. Üstəlik, onun sayəsində dalğaqıran rolunu oynayacaq yeni nəhəng riflər yaranacaq. İqlim dəyişikliyinə uyğunlaşmamız təbiəti məhv etməməli, onunla əməkdaşlıq şəraitində həyata keçirilməlidir”, – Maldivlərin 2008–2012-ci illərdə prezidenti olmuş Məhəmməd Nəşid izah edir.

Gözlənilir ki, üzən şəhərdə əsas nəqliyyat vasitəsi qayıqlar olacaq, buna görə də burada çoxsaylı kanallar inşa ediləcək. Avtomobillər isə ümumiyyətlə olmayacaq – yalnız velosipedlər və elektrik baggilər və skuterlər istifadə olunacaq.

Hər bir yaşayış sahəsinin sahəsi 100 kvadratmetr olacaq, şəxsi limanı və damda terras mövcud olacaq.