
Yaponiya 2030-cu illərin ortalarınadək silahlı qüvvələrdə qadınların sayını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi bildirib.
Səbəb isə yeni çağırışçıların cəlb olunmasında çətinliklərdir. 250 min vakant yerin 10%-i boş qalır.
Bu il üçün qarşıya qoyulan yeni hədəf — 2036-cı ilin martınadək Yaponiyanın Özünümüdafiə Qüvvələrində qadın hərbçilərin payını 13%-ə çatdırmaqdır (hazırda — 9%). Nazirlik qadınlar üçün şəraitin yaxşılaşdırılacağını vəd edib. Xüsusilə, gəmilərdə ayrıca tualetlər, hamamlar və yaşayış yerləri qurulacaq.
Bu addımlar daxili araşdırma dayandırıldıqdan sonra keçmiş qadın hərbçinin ifşa etdiyi cinsi zorakılıq qalmaqalı fonunda atılır. Rəsmilər və ekspertlər qeyd edir ki, təhlükəli missiyalar, aşağı maaş və erkən pensiya yaşı (təxminən 56 yaş) gənc yaponları ordudan uzaqlaşdırır. Bundan əlavə, demoqrafik azalma və aşağı doğum səviyyəsi də təsir edir. Müqayisə üçün: ABŞ ordusunda qadınlar çağırışçıların təxminən 18%-ni, NATO ölkələrində isə orta hesabla 12%-dən çoxunu təşkil edir.






























