Az.shafaqna.com xəbər verir ki, ABŞ və İran arasında iki həftəlik atəşkəs barədə razılıq əldə olunub.

Bunu ilk öncə Pakistan tərəfi açıqlayıb. Sonradan Tramp, daha sonra isə İran tərəfi də atəşkəslə bağlı razılığı təsdiqləyib.

Məlumata görə, İranın 10 bəndlik şərtləri Tramp tərəfindən qəbul olunub və müzakirələr 10 apreldə baş tutacaq.

İran Parlamenti sədrinin müavini Əli Nikzad ABŞ ilə aparılan danışıqlarda Tehranın təqdim etdiyi 10 maddəlik təklifin əsas çərçivə olduğunu bildirərək, şərtlər qəbul edilmədiyi təqdirdə yekun sazişin imzalanmayacağını açıqlayıb. Nikzad qeyd edib ki, sanksiyaların ləğvi, hücumların tamamilə dayandırılması, Hörmüz boğazından keçidlər və müharibə zərərlərinin ödənilməsi kimi məsələlər təklifin mərkəzində dayanır.

Parlament sədri Məhəmməd Baqir Qalibafın müavini dövlət televiziyasında çıxış edərək, Vaşinqtonun 15 maddəlik təklifinə qarşı Tehranın hazırladığı 10 maddəlik paketin rəsmi danışıqlar çərçivəsi kimi masada olduğunu vurğulayıb.

Nikzad xəbərdarlıq edib ki: “Əgər 10 şərt qəbul edilməsə, İnqilab Rəhbəri (Ayətullah Müctəba Xamenei) imzaya icazə verməyəcək. Milli Təhlükəsizlik Ali Şurasının Katibliyi bu 10 şərt üçün İnqilab Rəhbərindən icazə alıb”.

İranlı rəsmi təklifin detalları barədə də məlumat verib. Belə ki, Tehran rəhbərliyi nüvə silahı istehsal etməmək öhdəliyini qəbul edir, lakin bunun müqabilində təhlükəsizlik və iqtisadi sahələrdə konkret zəmanətlər tələb edir. Şərtlər arasında hər növ təcavüzün dayandırılması, ABŞ qüvvələrinin regiondan çıxarılması, Hörmüz boğazından keçid izni İran və Omanda olacağı, bütün  sanksiyaların ləğvi və İranın itkilərinin kompensasiya edilməsi yer alır.