Az.shafaqna.com xəbər verir ki, Avstraliyada onkoloqların apardığı geniş araşdırma elektron siqaretlərin (veyp) sağlamlıq üçün ciddi təhlükə yaratdığını və xüsusilə ağciyər və ağız xərçəngi ilə əlaqəli ola biləcəyini göstərib.

Tədqiqata rəhbərlik edən Yeni Cənubi Uels Universitetinin professoru Bernard Stüart və onun komandası 2017–2025-ci illər arasında dərc olunmuş elmi işləri analiz edərək bu nəticəyə gəlib. Onlar veyplərin xərçəng riski yaratdığını göstərən beş əsas sübut müəyyən ediblər:

Birincisi, elektron siqaretlərin buxarında xərçəng törədə bilən müxtəlif kimyəvi maddələr — nitrozaminlər, nikotin törəmələri, uçucu üzvi birləşmələr, bəzi metallar və ətirləndiricilər mövcuddur.

İkincisi, bu maddələr istifadə zamanı sadəcə havaya yayılmır, birbaşa insan orqanizminə daxil olur. Bu hal istifadəçilərin qan və sidik analizlərində də təsdiqini tapıb.

Üçüncüsü, araşdırmalar göstərib ki, veyp istifadəsi ağız və ağciyər hüceyrələrində dəyişikliklər yaradır və bu dəyişikliklər DNT mutasiyaları ilə müşayiət olunur.

Dördüncüsü, veyp istifadə edən insanların toxumalarında xərçəngin ilkin əlamətlərindən sayılan xüsusi biomarkerlər aşkar edilib ki, bu da şişin yaranma ehtimalını artırır.

Nəhayət, həm laboratoriya, həm də klinik müşahidələr bu riski təsdiqləyir: siçanlar üzərində aparılan təcrübələrdə veyp aerozollarının ağciyər xərçənginə səbəb olduğu müəyyən olunub, stomatoloqlar isə artıq veyp istifadəçilərində ağız xərçəngi halları ilə bağlı rəsmi qeydlər aparırlar.