
Ermənistanın KTMT-də fəaliyyətini yenidən aktivləşdirəcəyini gözləmək real görünmür.
Az.shafaqna.com xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə keçirilən danışıqlardan sonra jurnalistlərə açıqlamasında səsləndirib.
O, Ermənistanın bu məsələ ilə bağlı mövqeyinin dəyişib-dəyişmədiyi sualına cavab verərkən bildirib ki, daim keçmişə qayıtmağa ehtiyac yoxdur. Paşinyanın sözlərinə görə, KTMT mövzusu artıq kifayət qədər müzakirə olunub və o, Rusiya tərəfinə diqqəti digər məsələlərə yönəltməyi təklif edib.
Baş nazir qeyd edib ki, mövcud problemlərlə bağlı hər tərəfin öz baxışı var və eyni mövzu ətrafında təkrar-təkrar dayanmaq düzgün deyil. O əlavə edib ki, Ermənistan bu məsələlər üzərində düşünərək müəyyən nəticələrə gəlib və bu nəticələr Moskvada qarşılıqlı hörmət şəraitində bölüşülüb.






























