Az.shafaqna.com xəbər verir ki, 127 cilddən ibarət “Ərəb dilinin tarixi lüğəti” dünyada ən böyük və ən əhatəli dilçilik layihəsi elan edilərək Ginnesin Rekordlar Kitabına düşüb.

Qeyd edilib ki, bu, lüğətin üzərində çalışan hər kəsə – tədqiqatçılara, alimlərə, redaktorlara, korrektorlara, nəşriyyata, dünyada ərəb leksikoqrafiyası ilə məşğul olan digər şəxslərə verilən dəyərin göstəricisidir.

“Ərəb dilinin tarixi lüğəti” yeddi il davam edən layihədir və burada 500 tədqiqatçı, eləcə də müxtəlif ölkələrdən təxminən 200 korrektəçi, rəyçi və çap mütəxəssisi iştirak edib. Lüğət 21,5 milyon sözü, 351 min tarixi sitatı və 11 300 dil kökünü əhatə edir.

Bu əsərdə son 17 əsr ərzində ərəb dili və mədəniyyətinin salnaməsi üç tədqiqat bölməsi üzrə təqdim olunur: qədim yazılar, semit dillər qolu (əsas diqqət ərəb dilinə yönəldilməklə) və dilin praktik istifadəsi. Lüğət beş dövrü əhatə edir: islamdan əvvəlki dövr, İslam və xilafətlər dövrü, xilafətin parçalanması mərhələsi, Məmlük sultanlığı və müasir dövr.

Burada hər bir sözün tarixi, onun istifadə formaları və İslamdan öncəki Ərəbistandan bu günə qədər keçdiyi inkişaf yolu izah olunur. Bundan əlavə, lüğətdə dünyada ən çox istifadə olunan beşinci dil olan ərəb dilinin inkişafı və ərəb mədəniyyəti barədə məlumatlar da yer alır.

Əlavə edilib ki, ərəb dünyasında çoxsaylı lüğətlər mövcuddur, lakin onların heç biri bu qədər geniş əhatəli deyil. Bu lüğətdə bütün ərəb sözlərinin tarixi və inkişafı sənədləşdirilib.