
2024-cü ildə təxminən 4,9 milyon uşaq beş yaşına çatmadan həyatını itirib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə BMT Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Əhali Bölməsi tərəfindən hazırlanmış birgə hesabatda bildirilir.
Qeyd olunur ki, ölüm hallarının əksəriyyətinin qarşısını almaq mümkün idi. Bunun üçün tibbi xidmətə çıxışın yaxşılaşdırılması və vaxtından əvvəl doğuşun fəsadları, eləcə də malaria kimi xəstəliklərlə mübarizə üçün sadə və ucuz tədbirlər kifayət edə bilərdi.
Məlumata görə, 2000-ci ildən bəri qarşısı alına bilən uşaq ölümü halları iki dəfədən çox azalsa da, 2015-ci ildən sonra bu sahədə irəliləyiş tempi zəifləyib.
Xatırladaq ki, 2022-ci ildə də bu göstərici 4,9 milyon olub və bu, həmin dövr üçün ən aşağı səviyyə sayılıb. 2023-cü ildə isə rəqəm 4,8 milyona düşüb. 2024-cü il üzrə göstəricilər artım kimi görünsə də, qurumlar hesablamaların illər üzrə fərqli metodlarla aparıldığını və nəticələrin birbaşa müqayisə edilə bilməyəcəyini vurğulayıblar.






























