
Az.shafaqna.com xəbər verir ki, Çin eyni vaxtda səkkiz peyki uğurla orbitə çıxarıb.
Məlumata görə, buraxılış bazar ertəsi ölkənin şimalında yerləşən “Jiuquan Satellite Launch Center” kosmodromundan “Kuaizhou-11” daşıyıcı raketi vasitəsilə həyata keçirilib.
Orbitə çıxarılan kosmik aparatlara “Juntian-1-04A”, “Dongpo” seriyasından üç peyk, “Yuxing-3” qrupuna daxil olan iki peyk, həmçinin “Weitong-1-01” və “Xiguang-1-06” daxildir.
Dörd pilləli bərk yanacaqlı Kuaizhou-11 raketi China Aerospace Science and Industry Corporation (CASIC) tərəfindən hazırlanıb. Uzunluğu 25 metrdən artıq olan raket aşağı Yer orbitinə təxminən 1,5 ton faydalı yük daşımaq qabiliyyətinə malikdir.
Pekin milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir. Bu çərçivədə meteoroloji, telekommunikasiya və naviqasiya peykləri hazırlanır, həmçinin Ayın tədqiqi üçün texnologiyalar üzərində iş aparılır. Dövlət dəstəyi ilə Çin mütəxəssisləri asteroidlərin və Marsın araşdırılması imkanlarını da nəzərdən keçirirlər.
Hazırda Yer orbitində “Tiangong space station” fəaliyyət göstərir və bu stansiya beynəlxalq əməkdaşlıq üçün də nəzərdə tutulub. 2025-ci ildə Çin 92 kosmik buraxılış həyata keçirərək öz rekordunu yeniləyib.





























