Şimali Koreya davam edən sınaqlar çərçivəsində “Choe Hyon” esminesindən strateji qanadlı raketlərin sınaq buraxılışını həyata keçirib.

Az.shafaqna.com xəbər verir ki, bu sınaqlar gəminin döyüş imkanlarının yoxlanılması məqsədi daşıyır.

Məlumata görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen In raket buraxılışını videobağlantı vasitəsilə izləyib.

Bildirilir ki, buraxılan raketlər Koreya Qərb dənizi (Sarı dəniz) üzərində əvvəlcədən müəyyən edilmiş trayektoriya ilə uçaraq 10 116–10 138 saniyə ərzində hədəflərə çatıb və onları dəqiqliklə vurub.

Kim Çen İn strateji silahların idarəetmə sisteminin etibarlılığının və gəminin inteqrasiya olunmuş döyüş sisteminin üstünlüyünün təsdiqlənməsindən məmnun olduğunu bildirib. O, həmçinin ölkənin ehtiyacları nəzərə alınaraq gəmi silah sistemlərinin tərkibinə yenidən baxılması barədə göstəriş verib.

Şimali Koreya lideri əlavə edib ki, düşmən donanmasına qarşı əməliyyat imkanlarını artırmaq üçün 5 və 8 min tonluq döyüş gəmilərində göyərtə artilleriya qurğularının yerinə əlavə səsdən sürətli raketlərin quraşdırılması məqsədəuyğundur.

Onun sözlərinə görə, ölkənin nüvə silahlı qüvvələri artıq çoxşaxəli tətbiq mərhələsinə keçib və son dövrlərdə strateji və taktiki zərbə vasitələrinin hazırlanması və istifadəsi sahəsində mühüm nailiyyətlər əldə olunub. Kim Çen İn vurğulayıb ki, bu addımlar ölkənin özünümüdafiə qabiliyyətinin əsas elementlərindən biridir.