Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edən Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dan Yorgensen İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının açılışındakı çıxışının onlarda dərin təəssürat hissi yaratdığını dedi.

Dan Yorgensen bugünkü tədbirin çox mühüm əhəmiyyət daşıdığını qeyd edərək, Azərbaycanla tərəfdaşlığın onlar üçün önəm kəsb etdiyini bildirdi və onu genişləndirməkdə maraqlı olduqlarını vurğuladı. O, həyata keçirilən əməkdaşlığa görə minnətdarlığını bildirdi.

İlham Əliyev Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın və Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosun ötən il Azərbaycana səfərlərinə toxunaraq, heyətlərin fəal işləməsini enerji və bağlılıq məsələlərində əməkdaşlığı dərinləşdirmək üçün hər iki tərəfdə olan iradənin göstəricisi kimi qiymətləndirdi.

Söhbət zamanı Azərbaycanın, xüsusən hazırkı dövrdə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunuldu, enerji sahəsində Azərbaycanın Avropa bazarında ixrac coğrafiyasının genişləndirilməsi və təbii qaz, yaşıl enerji ilə bağlı əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu.

Əvvəlki məqaləİranda olan Türkiyə vətəndaşlarının sayı açıqlandı
Növbəti məqalədəGünün rəsmi valyuta məzənnəsi (03.03.26)