
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlərdə ümumilikdə 98 xarici vətəndaşı ölkədən çıxarıb. Nazirliyin açıqlamasına görə, deportasiya əməliyyatları qurumun aidiyyəti bölmələri ilə birgə koordinasiyalı şəkildə həyata keçirilib.
Az.shafaqna.com xəbər verir ki, Aparılan kompleks tədbirlər nəticəsində Çin, Türkiyə, Türkmənistan, Hindistan, Misir, Rusiya, Pakistan, Azərbaycan, İordaniya, Almaniya, Nigeriya, İraq, Banqladeş, Özbəkistan, Vyetnam, Keniya və Konqo vətəndaşları ölkədən uzaqlaşdırılıb. Qanunvericiliyə əsasən, deportasiya olunan şəxslərin Gürcüstana yenidən daxil olmasına qadağa qoyulub.
Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvarında 232, fevral ayında isə 312 əcnəbi deportasiya edilib. Beləliklə, ilin ilk iki ayında ölkədən çıxarılanların ümumi sayı 544 nəfər olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 346% çoxdur və 2025-ci ilin göstəricilərini də 4,5 dəfə üstələyir.
Nazirlik bildirib ki, ötən il qəbul edilən qanunvericilik dəyişiklikləri və sərtləşdirilmiş immiqrasiya nəzarəti preventiv təsir göstərib. Nəticədə bir çox qanunsuz miqrantlar ölkəni könüllü şəkildə tərk etməyə məcbur olublar.
Məlumata əsasən, cari ilin yanvar-fevral aylarında ümumilikdə 1306 xarici vətəndaş Gürcüstanda qalma qaydalarını pozduğuna görə ölkəni tərk edib. Onlar İnzibati Xətalar Məcəlləsinin 191-ci maddəsinə uyğun olaraq 1000–3000 lari cərimə olunub və əlavə olaraq 1 ildən 3 ilədək ölkəyə girişlərinə məhdudiyyət tətbiq edilib.






























