Ayətullah Xamenei Qərb ilə İslamın qadına olan baxışlarından danışıb

Az.shafaqna.com Rasthaber Azərbaycan-a istinadən xəbər verir ki, İranın Ali Dini Lideri Ayətullahul-üzma Xamenei bu gün Əhli-Beyt (ə) məddahlarının bir qrupu ilə videokonfrans formatında keçirilən görüşü zamanı Həzrət Zəhranın (s.ə) səadətli viladətinin ildönümü,  İmam Xomeyninin təvəllüdünün ildönümünü və mübarək Fəcr Ongünlüyü münasibətilə təbrik edib.

O çıxışı zamanı “İslamın və İslam Respublikasının qadınlara baxışı onu əziz tutmağa və hörmətə əsaslanır, Qərbin ümumi baxışı isə qadınları bir mal və ya bir vasitə kimi görməkdir”, -deyə bildirib.

Ayətullah Xamenei daha sonra deyib: “İslamda kişi və qadınlar ilahi və bəşəri dəyərlər baxımından bir-birlərindən fərqlənmirlər. Təbii ki, ümumi vəzifələrin yanında hər bir kişi və qadının xüsusi vəzifələri də vardır və bu səbəbdən də Uca Allah onların fiziki quruluşlarını bu vəzifələrə uyğun yaradıb. Biz İslamın baxışı ilə fəxr edirik və Qərbin qadına,  həyat tərzinə baxışını tamamilə rədd edirik”.

Ayətullah Xamenei İslamın və hicabın qadınların inkişafına mane olduğu barədə Qərbin təbliğatlarına toxunaraq deyib: “Bu açıq bir yalandır və əsassız olmasının bariz sübutu da İslam Respublikasında qadınların vəziyyətidir”.

“İranda heç bir tarixi dönəmdə bu qədər savadlı və müxtəlif sosial, mədəni, bədii, elmi, siyasi və iqtisadi sahələrdə aktiv qadın olmayıb və bunların hamısı İslam Respublikasının bərəkəti sayəsində mümkün olub”, -deyə o əlavə edib.

Bu məqaləni paylaş