“Gürcüstanın qarşısında duran təhlükələrin neytrallaşdırılması çox vacibdir. Bununla yanaşı, hökumət ölkə vətəndaşları qarşısında ən böyük məsuliyyəti daşıyır ki, bu, ilk növbədə iqtisadi inkişaf, sosial vəziyyətin yaxşılaşdırılması və rifahın artmasını nəzərdə tutur”.

Az.shafaqna.com xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Mixail Kavelaşvili parlamentdə illik hesabatını təqdim edərkən söyləyib.

Prezident Kavelaşvili vurğulayıb ki, dövlətin əldə etdiyi nəticələrin əhalinin bütün sosial təbəqələrinə bərabər şəkildə çatması çox önəmlidir.

“Qlobal səviyyədə mövcud böhranlı vəziyyət fonunda dövlət büdcənin, əməkhaqlarının və pensiyaların artırılmasını təmin edə bilib. Bir çox nüfuzlu beynəlxalq institutların məlumatlarına görə, Gürcüstan iqtisadi artım tempinə görə dünya üzrə qabaqcıl ölkələrdən biridir. Bu nailiyyətlər və beynəlxalq institutların obyektiv kriteriyalara əsaslanan proqnozları fonunda çox vacibdir ki, əldə olunan nəticələr əhalimizin bütün sosial təbəqələrinin rifahının yaxşılaşdırılmasına bərabər şəkildə təsir etsin. Bu istiqamətdə atılan addımlar təqdirəlayiqdir, lakin hər ailənin və hər vətəndaşın rifah artımını birbaşa hiss etməsi üçün daha çox səylər göstərmək lazımdır.

Bu yolda Gürcüstanın idxaldan asılılığının azaldılması, yerli istehsalın stimullaşdırılması və iqtisadi diversifikasiyanın təşviqi istiqamətində atılan addımlar müsbət hesab olunur. Müasir qeyri-sabit qlobal mühitdə ölkənin milli təhlükəsizliyi birbaşa iqtisadi özünü təmin etmə və ticarət əlaqələrinin diversifikasiyası ilə bağlıdır”, – deyə Prezident Kavelaşvili bildirib.