
Az.shafaqna.com-un verdiyi xəbərə görə, Qazaxıstan Silahlı Qüvvələrində desant-hücum qoşunlarının döyüş hazırlığının qəfil yoxlanışı keçirilir.
Bu ölkənin Müdafiə Nazirliyi xəbər verir ki, yoxlamanın məqsədi birləşmələrin və hərbi hissələrin təyinat üzrə tapşırıqları yerinə yetirmək qabiliyyətinin qiymətləndirilməsidir.
Genişmiqyaslı yoxlama fevralın 19-dək davam edəcək. Proses çərçivəsində poliqonlarda təlim-döyüş tapşırıqları kompleksinin icrası nəzərdə tutulub. Bölmələr müəyyən edilmiş döyüş hazırlığı dərəcəsinə gətirilib və sonradan təyin olunmuş rayonlara doğru irəliləyiblər.
Üç gün ərzində şəxsi heyət alay taktiki qrupu ilə taktiki təlim çərçivəsində praktiki fəaliyyətləri məşq edəcək. Təlimin ssenarisinə əsasən, bölmələr döyüş atışlarının icrası ilə şəhər şəraitində şərti silahlıların zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər.
Bundan əlavə, hərbi qulluqçular fiziki hazırlıq, atəş açma bacarıqları, taktiki tibb və rabitə vasitələri ilə işləmək üzrə yoxlama normativlərini yerinə yetirəcəklər. Yoxlamanın yekunlarına əsasən desant-hücum qoşunlarının öhdəsinə qoyulmuş tapşırıqları yerinə yetirmə hazırlığına kompleks qiymət veriləcək.































