İsrailə rəğmən növbəti ümumxalq seçkiləri Qüdsdə də baş tutacaq.
Az.shafaqna.com Fələstin KİV-inə istinadla xəbər verir ki, bunu FƏTH hərəkatının Mərkəzi Komitəsinin baş katibi Cibril əl-Rukub deyib.
Rəsmi Fələstin televiziyası ilə çıxışı zamanı Rukub qeyd edib ki, HƏMAS və ya hansısa digər qrupla ittifaq yaratmaq haqqında heç bir plan nəzərdə tutulmayıb.
“Mən əminəm ki, HƏMAS da bizimlə seçkilərə qatılacaq və heç bir qüvvə bunun qarşısını almaq iqtidarında olmayacaq”, – baş katib deyib. Onun sözlərinə görə, FƏTH bütün qruplarla seçkilərin keçirilmə mexanizminə dair ümumi məxrəcə gəlmək üçün Qahirəyə üz tutacaq.
Qeyd edək ki, Cibril əl-Rukubun başçılıq etdiyi FƏTH nümayəndə heyəti və HƏMAS hərəkatının Saleh əl-Ərurinin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 8-də Qahirədə başlayacaq milli dialoq toplantısında iştirak edəcəklər.
İsrail administrasiyası isə Qüdsdə Fələstin suverenliyinin istənilən təzahürünə qarşı çıxış edir.
Xatırladaq ki, Fələstində son 15 ildə ilk dəfə parlament seçkiləri mayın 22-də baş tutmalıdır.