Az.shafaqna.com-un xəbərinə görə, tarixçilərin və təhsil üzrə tədqiqatçıların bildirdiyinə görə, Avropada yaranan ilk universitetlərin təşkilati quruluşu və tədris modeli orta əsr müsəlman dünyasında fəaliyyət göstərən elmi mərkəzlərdən təsirlənib.

Mənbələrə əsasən, IX–XII əsrlərdə Bağdad, Qahirə, Kordova və Nişapur kimi şəhərlərdə fəaliyyət göstərən mədrəsələr və elm mərkəzləri sistemli ali təhsil modelinin əsasını qoyub. Bu mərkəzlərdə mühazirə sistemi, müəllim–tələbə münasibətləri, elmi dərəcələrə bənzər icazələr və ixtisaslaşmış tədris sahələri mövcud olub.

Araşdırmalarda qeyd olunur ki, Avropada XI–XIII əsrlərdə yaranan Bolonya, Paris və Oksford universitetləri bu modeldən təsirlənərək formalaşıb. Xüsusilə müəllimlərin elmi icazə (icazətnamə) verməsi, hüquq və tibb fakültələrinin qurulması, elmi mətnlərin sistemli tədrisi müsəlman təhsil ənənələri ilə oxşarlıq təşkil edir.

Tarixçilər vurğulayırlar ki, müsəlman alimlərin əsərlərinin latın dilinə tərcümə olunması Avropa universitetlərində əsas dərs vəsaitlərinə çevrilib. İbn Sina, Əl-Fərabi və İbn Rüşd kimi alimlərin kitabları əsrlər boyu Avropada tədris olunub.

Mütəxəssislərin fikrincə, Avropada ali təhsilin institusional formaya düşməsində müsəlman dünyasında formalaşmış elmi və təhsil modeli mühüm rol oynayıb və bu təsir akademik mənbələrdə geniş şəkildə qəbul olunur.