Az.shafaqna.com xəbər verir ki,ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Yer elmləri və kartoqrafiya ilə bağlı elmi araşdırmalarında orta əsr xəritələri, o cümlədən müsəlman alimlərin hazırladığı coğrafi əsərlər tarixi mənbə kimi öyrənilir.

Xüsusilə XII əsrdə yaşamış müsəlman alim və coğrafiyaçı Əl-İdrisinin hazırladığı və “Tabula Rogeriana” adı ilə tanınan dünya xəritəsi elmi ədəbiyyatda dəqiqliyi ilə seçilən nümunələrdən biri hesab olunur. Bu xəritə qitələrin forması, sahil xətləri, dənizlər və əsas coğrafi obyektlərin təsviri baxımından dövrünü xeyli qabaqlayıb.

Elmi mənbələrə görə, NASA və digər Qərb tədqiqat qurumları Yer səthinin tarixi təsvirlərini öyrənərkən orta əsr xəritələrini müasir peyk görüntüləri ilə müqayisə edir. Bu müqayisələr zamanı Əl-İdrisinin xəritələri kartoqrafiya tarixində mühüm elmi irs kimi dəyərləndirilir.

Mütəxəssislər bildirirlər ki, peyk, GPS və müasir ölçmə texnologiyaları olmayan bir dövrdə bu səviyyədə dəqiq xəritələrin hazırlanması orta əsr müsəlman alimlərinin elmi yanaşmasının göstəricisidir.

Qeyd edək ki, Əl-İdrisinin əsərləri əsrlər boyu Avropada universitetlərdə istifadə olunub və müasir coğrafiya elminin formalaşmasına ciddi təsir göstərib.