
Avstraliyada eşidənləri heyrətə gətirən bir hadisə yaşanıb.
Az.shafaqna.com xəbər verir ki, 13 yaşlı oğlan ailəsinin həyatını xilas etmək misilsiz bir şücaət və qəhrəmanlıq göstərib.
Hadisə 30 yanvar tarixində baş verib.
Belə ki, 13 yaşlı Austin Appalbi anası Coan, 12 yaşlı qardaşı və 8 yaşlı bacısı ilə birlikdə Geoqraf körfəzində qayıqlarla üzürdülər.
Bu vaxt dənizdə fırtına başlayıb və güclü külək qayığı sahildən xeyli uzaqlaşdırıb. Austin qayıqla sahilə üzərək kömək çağırmağa cəhd etsə də, onun qayığı su ilə dolub. Amma o, təslim olmayıb. Əsl hadisə də məhz bundan sonra başlayıb.
Məktəbli oğlan sahilə üzərək getmək qərarını qəbul edib.
“Mən güclü dalğalarla mübarizə aparırdım. Daha sonra qayığım dəfələrlə çöndü və mən (batmamaq üçün) ondan tutunurdum. Mən çox qorxdum. Həmin an sadəcə özüm özümə “Bu gün yox. Bu gün yox. Bu gün yox. Davam etməliyəm” deyirdim”, – deyə o həmin anları xatırlayarkən bildirib.
Austin, güclü dalğalara baxmayaraq, iki saat əynində xilasedici jiletlə və əlavə iki saat da jiletsiz üzüb. Nəhayət, sahilə çatdıqan sonra dayanmayıb – telefonla zəng edə bilmək üçün əlavə iki km məsafəni də qaçaraq qət edib.
Məhz onun bu qəhrəmanlığı nəticəsində dənizdəki ailəsinin xilası üçün 18:00-da axtarış-xilasetmə əməliyyatı başladılıb, 20:30-da isə sahildən 14 km uzaqlıqda onlar tapılaraq xilas ediliblər.






























