
Belçika yerli həbsxana sistemində ciddi doluluq səbəbindən cinayət törətmiş miqrantların saxlanması üçün Estoniya, eləcə də Albaniya və özünü müstəqil elan edən Kosovo həbsxanalarında yerlərin icarəyə götürülməsi üzərində işləyir.
Az.shafaqna.com xəbər verir ki, Belçikanın ədliyyə naziri Anneli Verlinden bu məsələnin imkanlarını araşdırır.
Planlara görə, cinayət törətmiş miqrantların Estoniya həbsxanalarına göndərilməsi nəzərdə tutulur. Verlinden bu həftə məsələni yerində öyrənmək üçün Estoniyaya səfər edəcək. Bundan əvvəl o, eyni məqsədlə Albaniya və Kosovoda olub.
Belçika Ədliyyə Nazirliyi hesab edir ki, Kosovo, Albaniya və Estoniya hüquqi dövlətlərdir və məhkum miqrantların orada cəza çəkməsi onların insan hüquqlarını pozmayacaq.
Ötən il İsveç və Estoniya arasında Tartu şəhərində yerləşən islah müəssisəsində 600 həbsxana yerinin icarəsi barədə razılaşma əldə olunmuşdu. Məlumata görə, İsveç Estoniyaya hər bir məhkum üçün ayda 8 500 avro ödəyəcək.
Bundan əvvəl İsveç xarici ölkələrdə həbsxana yerlərinin icarəyə götürülməsinin mümkün olduğunu bildirmişdi.





























