Braziliyada oksigen üsyanı: prezidenti istefaya səslədilər

Koronavirus pandemiyasından ən çox zərər çəkən ölkələrdən olan Braziliyada xalq küçələrə çıxaraq prezident Bolsonarunun istefasını tələb etdi.

Az.shafaqna.com xəbər verir ki, buna səbəb son günlər ərzində oksigen çatışmazlığından ən azı 11 koronavirus xəstəsinin vəfat etməsidir. Bolsonarunun baş verənləri şərh etməsi isə camaatı bir qədər də qəzəbləndirib.

Məsələ burasındadır ki, 2 milyon əhalisi olan Manaus şəhərində ağır vəziyyətdəki koronovirus xəstələrinə oksigen balonları ehtiyac olan miqdarda çatdırılmayıb. Bildirilir ki, gecikmələr bəzən 4 günə qədər çəkib. Nəticədə isə insanlar həyatlarını itiriblər.

Artıq baş verənlərlə əlaqədar səhiyyə naziri Eduardo Pasuello barəsində araşdırmalara başlanılıb. O, səhiyyə sistemində yaranan kollaps vəziyyətində ittiham edilir. Ali Məhkəmə nazir barədə 60 gün ərzində araşdırma aparılması üçün federal polisə icazə verib.

Qeyd edək ki, son sutka ərzində Braziliyada COVID-19 virusundan 595 nəfər vəfat edib. Ümumilikdə isə ölkədə 225 mindən çox insan koronovirusun qurbanı olub.

Bu məqaləni paylaş