
Az.shafaqna.com xəbər verir ki, afrikalı Sadio Mane, bəlkə də, dünyanın ən sadə futbolçusu hesab edilir.
Əslən Qvineyadan olan Sadio 1992-ci il 10 apreldə Seneqalın Bambali kəndində anadan olub.
Müsəlman idmançı “Liverpool”, “Bayern Munich” və “Əl-Nəsr” kimi futbol komandalarında oynayıb.
İllik onmilyonlarla dollar (təxminən 40 milyon avro) qazancı olan futbolçu öz sadəliyi ilə seçilir. Digər varlı idmançılardan fərqli olaraq, o, öz pullarının böyük hissəsini cah-calallı həyat tərzinə yox, ehtiyaclılara yardımlara sərf edir.
İmkanı olduğu halda, yayılan şəkillərin birində onun ekranı qırıq və ucuz telefon və ucuz qulaqlıqlar işlətdiyini görünüb.
Müsahibələrinin birində Sadio belə deyib: “10 Ferrari, 20 brilliantlı saat və ya 2 təyyarə nəyimə gərəkdir? Bu əşyaların dünyaya və mənim özümə nə faydası olacaq?”.
O, uşaq ikən yoxsulluğun, hətta aclığın necə bir hiss olduğunu öyrəndiyini xatırladıb.
“Mən ağır zamanlardan keçmişəm, ayaqyalın olmuşam, məktəbə gedə bilməmişəm və bir çox şeyə də sahib olmamışam. Amma bu gün futbol oynayaraq qazandıqlarımla öz həmvətənlərimə kömək edə bilərəm”, – deyə o qeyd edib.
Sadio anadan olduğu kənddə ilk xəstəxananı inşa etdirib. Bu xəstəxana Bambali ilə yanaşı, ətrafdakı 34 kəndə də xidmət göstərir.
Dindar ailədə anadan olmuş Sadio məscid də inşa etdirib.
O, həmçinin öz kəndində məktəb də inşa etdirib və əlaçı şagirdlərə aylıq 400 dollar təqaüd təyin edib, məktəblilər üçün noutbuklar da alıb.
Bundan başqa, o, öz həmkəndlilərinə paltar və dərman yardımları edir, həmçinin hər bir sakinə aylıq 70 avro da pul hədiyyə edir.
Həmçinin öz kəndində digər infrastrukturların inşası ilə də məşğuldur.






























