Az.shafaqna.com-un verdiyi xəbərə görə, Serbiya Prezidenti Aleksandar Vuçiç hesab edir ki, ABŞ artıq yaxın 48 saat ərzində İrana hərbi zərbə endirə bilər.

O, bu barədə TV Pink telekanalının efirində danışıb.

Vuçiç bildirib ki, ABŞ İrana hücum etməklə Ceffri Epşteyn işi ilə bağlı yeni sənədlərdən diqqəti yayındırmağa çalışa bilər. Onun sözlərinə görə, bu, gələcək Amerika zərbəsinin əsas səbəbi olmasa da, Ağ Evdə qərarların daha sürətlə verilməsinə təsir göstərə bilər.

“Monika Levinski ilə bağlı qalmaqalda olduğu kimi belə cəfəngiyat ortaya çıxanda kimisə bombalamağa başlayırlar. Mən bunun əsas səbəb olacağına inanmıram, amma demək olar ki, bəzi qərarların qəbulunu sürətləndirəcəyinə əminəm”, – deyə Serbiya prezidenti qeyd edib.

Burada söhbət ABŞ-ın 42-ci prezidenti Bill Klintonla qalmaqallı münasibəti ilə tanınan Monica Lewinskydən gedir.

Vuçiç vurğulayıb ki, Serbiya üçün əsas prioritet daxili sabitliyə diqqət yetirməkdir. Onun sözlərinə görə, ölkə üçün sülhün qorunması və iqtisadi layihələrin həyata keçirilməsi əsas məqsəd olaraq qalır.