Konqo Demokratik Respublikasının şərqində, Şimali Kivu əyalətindəki mədən çökməsi nəticəsində azı 227 nəfər həlak olub.

Az.shafaqna.com xəbər verir ki, bu barədə bölgənin üsyançı administrasiyasının qubernatoru Lubumbu Kamberenin nümayəndəsi Müisa məlumat verib.

“Mindən çox insan – o cümlədən mədənçilər, uşaqlar və bazarda ticarətlə məşğul olanlar bu torpaq sürüşməsinin qurbanı olub”, – deyə Müisa bildirib.

O əlavə edib ki, bir neçə nəfər son anda xilas edilib, lakin ağır xəsarətlər alıblar. Müisa xəsarətlərin növü barədə dəqiq məlumat verməyib. Qubernatorun müşaviri təsdiqlənən ölənlərin sayının ən azı 227 olduğunu bildirib. Qurbanların dəqiq sayı hələ də müəyyənləşdirilir.

Hadisə baş verən koltan mədəni dünyada bu filizin hasilatının təxminən 15 faizini təmin edir.

Koltan filizi (kolumbit-tantalit sözlərinin qısaltması) niobium tərkibli kolumbit və tantal tərkibli tantalit minerallarından ibarətdir. Konqo Demokratik Respublikası böyük üstünlüklə dünyanın ən iri tantal istehsalçısıdır, lakin hasilat əsasən kustar üsullarla aparılır. Koltan və onun tərkib hissələri olan niobium və tantal geniş istifadə sahəsinə malikdir – o cümlədən elektronika, tibbi avadanlıq və polad istehsalında.

Tantal qlobal elektronika sənayesində xüsusi əhəmiyyət daşıyır. Bu metalın böyük hissəsi smartfonlar və digər elektron cihazların əsas elementi sayılan kondensatorların istehsalında istifadə olunur. İnsan orqanizmi tantal implantlarına qarşı immun reaksiyası göstərmədiyi üçün metal həmçinin cərrahi alətlərin, implantların, nerv və əzələ toxumalarının birləşdirilməsi üçün istifadə edilən komponentlərin hazırlanmasında geniş tətbiq olunur.