Rusiyada miqrantların sayı 10 faiz azalıb

2026-cı ilin əvvəlində Rusiyada yaşayan xarici vətəndaşların sayı 5,7 milyona enib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin analitik bölməsinin rəhbəri Aleksandr Perejoqin açıqlama verib.

Onun bildirdiyinə görə, bu göstərici əvvəlki illə müqayisədə təxminən 10 faiz azdır. Belə ki, ötən ilin əvvəlində ölkədə yaşayan əcnəbilərin sayı 6,3 milyona yaxın idi.

Perejoqin azalmada əsas amillərdən birinin Rusiyada yaşayan yetkinlik yaşına çatmayan xarici vətəndaşların sayının təxminən 25 faiz azalması olduğunu qeyd edib.

Mütəxəssislər isə bu tendensiyanı miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə əlaqələndirirlər. Belə ki, əvvəl qanun pozuntusuna yol verən əcnəbilər saxlanılana qədər ölkədə qala bilirdilərsə, indi onlar dərhal xüsusi nəzarət reyestrinə daxil edilirlər. Qanunvericiliyə edilən dəyişikliklərdən sonra həmin reyestrə düşən şəxslərin bank hesabları avtomatik olaraq bloklanır.

Bu məqaləni paylaş