Yaponiyada güclü qar yağışlarının fəsadları nəticəsində azı 16 nəfər həyatını itirib.

Az.shafaqna.com xəbər verir ki, ölənlər arasında qar təmizləyərkən damdan yıxılanlar, eləcə də yolların və cığırların təmizlənməsi zamanı səhhəti pisləşən şəxslər var.

Ən çox ölüm halı Niigata prefekturasında (11 nəfər) və Akita prefekturasında (4 nəfər) qeydə alınıb. Daha bir ölüm faktı isə Yamagata prefekturasında baş verib.

Bundan başqa, qeyd olunan üç prefekturada ümumilikdə təxminən 120 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Son günlər güclü qar yağışı əsasən Niigata, Hokkaydo, Akita, Yamagata və Şimane prefekturalarında müşahidə olunub.

Daha əvvəl bildirilib ki, intensiv qar yağışı səbəbindən 56 reysin ləğv edilməsi nəticəsində minlərlə insan Hokkaydodakı Sapporo şəhərinin Şin-Çitose hava limanında gecələmək məcburiyyətində qalıb.

Sinoptiklərin proqnozuna görə, qar yağışları Yaponiyanın Aomori, Niigata, İşikava və Tottori prefekturalarında da ictimai nəqliyyatın fəaliyyətində ciddi fasilələrə səbəb ola bilər.