
Az.shafaqna.com xəbər verir ki, Əfqanıstanda güclü qış fırtınaları və buzlu yağışlar ağır nəticələrə səbəb olub.
İlkin məlumatlara əsasən, təbii hadisələr nəticəsində azı 60 nəfər həyatını itirib, 110-dan çox insan isə müxtəlif dərəcəli xəsarət alıb.
Fəlakət ölkə üzrə genişmiqyaslı dağıntılar törədib. Yüzlərlə yaşayış evi ya tamamilə dağılıb, ya da ciddi zədələnib, onlarla ailə evsiz qalıb. Bundan başqa, yüzlərlə baş mal-qaranın da tələf olduğu bildirilir.
Ən ciddi zərər dağlıq və ucqar kənd ərazilərində müşahidə olunub. Qeyd edilir ki, bu bölgələrdə tikililər və kommunal infrastruktur sərt hava şəraitinə davamlı deyil.
Təbii fəlakətin təsiri xüsusilə Kabil, Pərvan, Pəncşir, Qəzni və Nuristan əyalətlərində hiss olunub.






























