Çin şirkəti uçan maşınların satışına hazırlaşır

Az.shafaqna.com xəbər verir ki, Çinin uçan avtomobil istehsalçıları şaquli qalxma və enmə imkanına malik elektrik uçuş aparatlarının (eVTOL) tədarükünə artıq 2026-cı ildən başlamağı planlaşdırırlar.

Materialda qeyd olunur ki, cari ilin sonuna qədər azı yeddi Çin istehsalçısı eVTOL aparatlarının tədarükünə başlamağı nəzərdə tutur. Söhbət Çində mülki uçuşlar kateqoriyasına aid edilən, 1 000 metrədək hündürlükdə kommersiya məqsədilə sərnişin daşınması üçün nəzərdə tutulan uçuş aparatlarından gedir.

Bazarın inkişafına əlavə təkan verən amillərdən biri də regional hakimiyyət orqanlarının aşağı hündürlüklərdə uçuşlarla bağlı məhdudiyyətləri yumşaltmağa hazır olmasıdır. Xüsusilə Şanxay, Şençjen və Çunçin şəhərlərində bu istiqamətdə müvafiq tədbirlər hazırlanır. Bu addımlar müntəzəm sərnişin marşrutlarının istifadəyə verilməsi üçün şərait yaratmalıdır.

Bazarın canlanmasına GOVY şirkətinin — dövlətə məxsus GAC avtomobil konserninin uçan avtomobillərin hazırlanması ilə məşğul olan bölməsinin açıqlaması da təsir göstərib. Şirkət 3,3 milyard yuandan (təxminən 474 milyon dollar və ya 805 milyon manatdan çox) artıq məbləğdə 2 000 sifariş aldığını bildirib. Analitiklərin fikrincə, bu həcmdə öncədən sifarişlərin olması investorların yaxın vaxtlarda kommersiya istismarının başlanacağına olan inamını gücləndirib.

Mütəxəssislər vurğulayırlar ki, hələ də mövcud olan tənzimləyici və infrastruktur məhdudiyyətlərinə baxmayaraq, Çin sərnişin daşımalarında uçan avtomobillərin artıq 2026-cı ildə konseptdən real nəqliyyat xidmətinə çevrilə biləcəyi ilk ölkələrdən biri ola bilər.

Bu məqaləni paylaş