Az.shafaqna.com xəbər verir ki, Yaponiyada məhkəmə 2022-ci ildə ölkənin sabiq baş naziri Sindzo Abeni qətlə yetirməkdə təqsirli bilinən 45 yaşlı Tetsuya Yamagamini ömürlük həbs cəzasına məhkum edib.

Nara dairə məhkəməsi qərarı elan edib.

Məhkəmə müəyyən edib ki, Yamagami 8 iyul 2022-ci ildə Nara şəhərində keçirilən siyasi tədbir zamanı özünün hazırladığı silahla çıxış edən Sindzo Abeni güllələyib.

Prokurorluq təqsirləndirilən şəxs üçün ömürlük həbs cəzası tələb edib. Müdafiə tərəfi isə cəzanın 20 ildən artıq olmamasını istəyib. Vəkillər bildiriblər ki, Yamagami “dinlə bağlı zorakılığın qurbanıdır” və reabilitasiya olunmaq şansı verilməlidir.

Yamagami ona qarşı irəli sürülən bütün ittihamları, o cümlədən qətl faktını etiraf edib və Abe ailəsindən üzr istəyib.

Xatırladaq ki, Sindzo Abe 8 iyul 2022-ci ildə Nara şəhərində seçkiqabağı mitinq zamanı ona edilən silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişib. Hücumda şübhəli bilinən, keçmiş hərbçi Tetsuya Yamagami hadisə yerində saxlanılıb və ondan silah götürülüb. O, polisə bildirib ki, Abenin nifrət etdiyi “Birləşmə Kilsəsi” adlı dini təşkilatla əlaqəsi olduğunu düşünüb. Yamagaminin anası bu təşkilata böyük məbləğdə ianələr edib və nəticədə ailə ağır maliyyə vəziyyətinə düşüb. Bu səbəbdən Yamagami sabiq baş naziri öldürməyi planlaşdırdığını etiraf edib.