Rəsmi Kişinyov Müstəqil Dövlət Birliyi (MDB) təşkilatından tam çıxmaqla bağlı lazımi prosedurlara start verib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Moldova xarici işlər naziri Mixay Popşoy məlumat verib.

O deyib ki, nazirlik hazırda MDB-nin təsisçi və ona əlavə sazişlərinin, həmçinin təşkilatın nizamnaməsinin denonsasiyasının (ləğvi) hazırlanması prosesindədir.

“Bu üç fundamental razılıqların denonsasiyası ilə Moldova Respublikası rəsmi şəkildə daha MDB üzvü olmayacaq. Bu prosesi artıq başlayıb”, – deyə Popşoy bildirib.

Nazir əlavə edib ki, parlamentin yeni sessiyası başladıqdan sonra denonsasiyaya dair sənədlər gözdən keçirilməsi üçün qanunvericilərə təqdim ediləcək. Əgər sənədlər təsdiq edilsə, prezident Maya Sandu da texniki mərhələlərdən sonra onları təsdiqləsə, Moldova daha MDB üzvü olmayacaq.