Az.shafaqna.com xəbər verir ki, Kolumbiya ABŞ-ın Venesuelaya endirdiyi zərbələrdən sonra Milli anti-dron qalxanının işə salındığını elan edib.
Kolumbiyanın Müdafiə Nazirliyi bildirib ki, 6,2 trilyon Kolumbiya pesosu (təxminən 1,6 milyard ABŞ dolları) dəyərində olan bu layihə regionda artan təhlükələr fonunda ölkənin hava məkanının müdafiəsini gücləndirməyə yönəlib.
Proqram çərçivəsində pilotsuz uçuş aparatlarının aşkarlanması və zərərsizləşdirilməsi üçün ümummilli sistem qurulacaq. Bu sistem sərhəd bölgələrini, strateji infrastruktur obyektlərini, hava limanlarını və iri şəhərləri əhatə edəcək.
Nazirlikdə qeyd olunub ki, bu qərar ABŞ-ın Venesuelanın hava hücumundan müdafiə obyektlərinə zərbələrindən sonra təcili qaydada qəbul edilib.
Antidron qalxanı erkən aşkarlama sensorları, radioelektron mübarizə vasitələri, fiziki tutucu sistemlər və vahid idarəetmə platformasından ibarət çoxsəviyyəli arxitekturaya malik olacaq. Layihə Kolumbiyanın tarixində hava məkanının qorunmasına edilən ən iri investisiya kimi qiymətləndirilir.
Layihənin ilk mərhələsi 16 yanvar tarixində beynəlxalq şirkətlər və hökumət nümayəndələri ilə qapalı məsləhətləşmələrlə başlayacaq. Təchizatçılar seçildikdən sonra sistem mərhələli şəkildə tətbiq ediləcək və maliyyələşmə 2026-cı il büdcə planlaması çərçivəsində təmin olunub.
