
Avstraliyanın Yeni Cənubi Uels ştatının parlamenti regionda odlu silahların dövriyyəsini məhdudlaşdıran və etiraz aksiyalarının keçirilməsini qadağan etməyə imkan verən dəyişikliklər paketini müzakirə edir.
Az.shafaqna.com xəbər verir ki, bu barədə ştat hökumətinin başçısı Kris Minns məlumat verib.
O bildirib ki, odlu silahların dövriyyəsi sahəsində də ən sərt dəyişikliklər nəzərdə tutulur: yüksək riskli silahlara çıxış məhdudlaşdırılacaq, lisenziyalaşdırma, saxlanma və silah sahiblərinə nəzarət qaydaları sərtləşdiriləcək.
Qeyd olunur ki, odlu silahların dövriyyəsini tənzimləyən qanuna ediləcək dəyişikliklər bir nəfərin sahib ola biləcəyi silah sayının dörd ədəd ilə məhdudlaşdırılmasını nəzərdə tutur. Peşəkar atıcılar üçün isə bu limit maksimum 10 silah olacaq. Eyni zamanda, lisenziyaların hər iki ildən bir yenilənməsi, bel tipli daraqların qadağan edilməsi və silah sahibləri üçün atıcılıq klubuna üzvlüyün məcburi olması tələbi tətbiq ediləcək.
Etiraz aksiyaları ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər isə Yeni Cənubi Uels polis rəisinə terror aktından sonra üç ay müddətinə istənilən etirazın keçirilməsini qadağan etmək, həmçinin müəyyən ərazidə və ya bütün ştat üzrə kütləvi ictimai aksiyalara icazə verməmək səlahiyyəti verəcək.
Gözlənilir ki, qanun layihəsi dekabrın 22-də parlamentin aşağı palatasında qəbul ediləcək, dekabrın 23-də isə yuxarı palata tərəfindən dəstəklənəcək.





























