Britaniyaya 40 mindən çox miqrant daxil olub

İlin əvvəlindən bəri La-Manşı qayıqlarla keçərək Böyük Britaniyaya daxil olan miqrantların sayı 40 mindən çox olub.

Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, ötən şənbə günü dekabr ayı üçün rekord göstərici qeydə alınıb və bir gündə 800-dən artıq miqrant Britaniyaya çatıb.

Nəşr yazır ki, bu ilin əvvəlindən La-Manşı keçən insanların ümumi sayı 41 455 nəfərə yüksəlib.

Qeyd olunur ki, aşağı temperatur və əlverişsiz hava şəraiti səbəbindən dekabr adətən La-Manşı keçən miqrantların sayına görə ən sakit ay hesab olunur. Buna baxmayaraq, dekabrın 20-də oktyabrın əvvəlindən bəri ən yüksək göstərici qeydə alınıb.

Bir il ərzində La-Manşı keçən miqrantların sayına dair hazırkı rekord 2022-ci ildə müəyyən edilib və həmin il 45 755 nəfər Britaniyaya daxil olub.

Qəzetin yazdığına görə, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi vəziyyəti şərh edərkən qayıqlarla ölkəyə daxil olan qeyri-qanuni miqrantların sayını “utancverici” adlandırıb və hökumətin bu problemin həlli üçün tədbirlər gördüyünü bildirib.

Bu məqaləni paylaş