Arakan müsəlmanları “Ölüm adası”na göndərilir

Banqladeş hökuməti daha 3 min arakanlı müsəlmanı “Ölüm adası” kimi tanınan Basan Çar adasına göndərəcək.

Az.shafaqna.com “Euronews”a istinadla xəbər verir ki, bu barədə kontr-admiral Abdulla əl Məmun Çoudhuri bildirib.

Onun sözlərinə görə, immiqrantlar cümə axşamı Çittaqonq portuna gətiriləcək, səhəri gün isə Basan Çar adasına yola salınacaqlar.

Bütün bunlar hüquq müdafiəçilərinin qəti etirazlarına rəğmən həyata keçiriləcək. Məsələ burasındadır ki, sözügedən ada fırtına və tez-tez baş verən sellərə görə yaşayış üçün yararsız sayılır.

Basan Çar adası 20 il əvvəl dəniz suyunun səviyyəsinin azalmasından sonra yaranıb. Adaya ən yaxın yaşayış məntəqəsi olan Çittaqonqa yetişmək üçün dənizlə bir neçə saatlıq yol qət etmək lazımdır. Daha öncə Banqladeş hökuməti bu adaya 3500 arakanlı müsəlmanı göndərib.

İmmiqrantlar hökumətin icazəsi olmadan adanı tərk edə bilməzlər. Banqladeş rəsmiləri adaya köçürülmənin könüllü əsaslarla həyata keçirildiyini iddia edirlər. Lakin dekabrda Basan Çara göndərilən müsəlmanlar bu addımı təzyiqlər nəticəsində atdıqlarını deyirlər.

Qeyd edək ki, Myanmadan buddistlərin təqiblərin qaçan bir milyondan artıq rohinca müsəlmanları Banqladeşdə sərhəd yaxınlığında heç bir infrastruktura malik olmayan müvəqqəti düşərgələrdə məskunlaşıblar.

Bu məqaləni paylaş