Az.shafaqna.com xəbər verir ki, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) nümayəndə heyəti Qum şəhərində inşa olunan Ayətullah Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Şəhristaninin himayəsi və dəstəyilə inşa edilən “Nur” ixtisaslaşmış və yüksək ixtisaslaşmış xəstəxanasını ziyarət edib.

Səfərdə BGMİ Şeyxi Hacı Faiq Nəbiyev, Şərqi Gürcüstan müftisi Etibar Eminov, Qərbi Gürcüstan müftisi Adam Şantadze və idarənin din xadimləri iştirak ediblər.

BGMİ-nin din rəhbərlərinə xəstəxananın fəaliyyəti və tibbi imkanları barədə ətraflı məlumat verilib.

Məlumatda bildirilib ki, Qum şəhərində inşa olunan “Nur” ixtisaslaşmış və yüksək ixtisaslaşmış xəstəxanası Ayətullah Seyyid Cavad Şəhristaninin himayəsi ilə həyata keçirilən ən böyük tibbi layihələrdən biridir.

Layihə 2018-ci ilin aprel ayında başlanmış və ilk mərhələdə 20.000 m² ərazidə 220 yataq tutumu ilə planlaşdırılmışdır. Bir il sonra, Ayətullah Şəhristaninin  dəstəyi ilə xəstəxananın sahəsi 6 hektara, bina sahəsi 59.000 m²-ə və tutumu 335 yataqa çatdırılmışdır. Daha sonra layihə 8 hektara genişləndirilmiş və ümumi bina sahəsi 240.000 m², tutumu isə 506 yataq olaraq planlaşdırılmışdır.

Fəz-1 olaraq inşa olunan əsas 12 mərtəbəli bina 65.000 m² sahəyə malikdir və 300 yataq ilə klinik və paraklinik xidmətləri əhatə edir. Bu fəzada ilk açılış mərhələsində poliklinikalar və geniş onkoloji diaqnostika və müalicə mərkəzi fəaliyyətə başlayacaq, digər bölmələr isə qısa zaman ərzində istifadəyə veriləcək.

Xəstəxananın mühəndislik və infrastruktur xüsusiyyətləri dünya standartlarına cavab verir. Binada zəlzələlərə qarşı 158 ədəd Danimarka istehsalı “Damptek” damper quraşdırılıb, bu isə binaya düşən yan qüvvələri minimuma endirir. Su təminatı İsveçrə istehsalı George Fischer sistemləri ilə təmin olunub, 5 milyon litrlik su anbarı və təmizləmə-bərpa sistemi mövcuddur. Modern havalandırma sistemi və turbosentrifugal su soyutma texnologiyası, habelə 120 dəqiqəlik yanğına qarşı müqavimət göstərən divarlar binanı tam təhlükəsiz edir.

“Nur” xəstəxanası onkoloji xəstələr üçün nadir tibbi avadanlıqlar və şüşə müalicə otaqları, bronxit-astma xəstələri üçün filtrlənmiş dağ havası ilə təmin olunmuş palatalar təqdim edir. Həmçinin 10 əməliyyat otağı, hibrit əməliyyat zalı, PET scan cihazı və nüvə diaqnostika mərkəzi fəaliyyət göstərəcək. Xəstəxanada həmçinin vertolyotlar üçün helikopter eniş sahəsi (heliport) mövcuddur ki, təcili yardım və əməliyyat daşınmaları üçün istifadə ediləcək. Pavilyon, uşaq baxçası və reabilitasiya idman mərkəzi də kompleksin tərkib hissəsidir.

Xəstəxana ağıllı idarəetmə sistemi ilə təchiz olunub: HIS sistemi və süni intellektə əsaslanan infrastruktur sayəsində bütün proseslər optimallaşdırılıb. Bina xəstə mərkəzli yanaşma ilə dizayn edilib, daxili mühit rahat, sakit və müasir estetik standartlara uyğun hazırlanıb.

Qeyd olunur ki, bu, Ayətullah Şəhristaninin himayəsi ilə inşa edilən ilk tibbi layihə deyil. Onun təşəbbüsü ilə İranda ürək və göz xəstəxanaları da fəaliyyət göstərir. Bu müəssisələrə Gürcüstan, Azərbaycan və digər ölkələrdən pasiyentlər müraciət edərək müalicə alıblar; bəziləri isə Alulbeyt Gürcüstan şöbəsi vasitəsilə endirimli və bəzən pulsuz tibbi xidmət əldə ediblər. Bu layihə həm regional, həm də beynəlxalq tibbi inkişaf baxımından mühüm əhəmiyyətə malikdir.

Əvvəlki məqaləTürkiyədə futbolçular və klub rəsmiləri tutuldu
Növbəti məqalədəCəbrayılın Horovlu kəndinə növbəti köç