
Qırğızıstan Prezidenti Sadır Japarovun Pakistana rəsmi səfəri zamanı iki ölkə arasında əməkdaşlığı genişləndirməyə yönəlmiş sənədlərin imzalanma mərasimi baş tutub.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Sadır Japarov və Pakistanın Baş naziri Şahbaz Şərif ölkələr arasında hərtərəfli əməkdaşlığın gücləndirilməsinə dair birgə bəyanat imzalayıblar.
Bundan başqa, strateji sahələrdə tərəfdaşlığın inkişafını nəzərdə tutan bir sıra ikitərəfli razılaşmalar da rəsmiləşdirilib. Sənədlər sırasında məhkumların qarşılıqlı təhvil verilməsi, mədəni əlaqələrin inkişafı, turizm, kənd təsərrüfatı və qarşılıqlı ticarətin artırılmasına dair memorandumlar yer alır.
Həmçinin Pakistanın dəniz limanlarının regional tranzit məqsədilə istifadəsi, enerji, hüquqi sahə və dağ-mədən sənayesində əməkdaşlıqla bağlı əlavə memorandumlar da imzalanıb.






























