
Az.shafaqna.com-un verdiyi xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 1-də Prezident İqamətgahında keçirilən nazirlər kabineti iclasında xarici siyasətdən sənayeyə, iqtisadiyyatdan təhlükəsizliyə qədər bir çox məsələni müzakirəyə çıxarıb. Rəcəb Tayyib Ərdoğan iclasdan sonra türkiyəlilərə müraciət edərək qəbul olunan qərarların ölkə, millət və bütün insanlıq üçün xeyirli olmasını arzulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan çıxışı sırasında Türkiyənin Qara dəniz sahillərində Rusiyaya gedən neft tankerinə edilən hücumları “narahatlıq doğuran gərginlik” kimi qiymətləndirib.
Türkiyə Nəqliyyat Nazirliyi “Virat” və “Kairos” adlı iki gəminin noyabrın 28-də Türkiyə sahillərində partlayışlarla sarsıldığını, “Virat” gəmisinin isə noyabrın 29-da ikinci dəfə vurulduğunu bildirib.
Prezident R.T.Ərdoğan hücumlarla bağlı olaraq deyib: “Qara dənizdəki gərginliyin ölkəmizin təhlükəsizliyini və regional sabitliyi təhdid edəcək mərhələyə çatmasından narazıyıq. Qara dənizdə risk və təhdidlərin artdığını görürük. Bölgəmizdə gərginliyin azaldılması üçün diplomatiya kanallarını açıq saxlayırıq və üzərimizə düşən vəzifəni yerinə yetirməyə hazır olduğumuzu bir daha vurğulayırıq.”
Qeyd edək ki, Türkiyə prezidentinin açıqlamaları Ukraynanın həm hərbi, həm də siyasi təzyiq altında olduğu və ABŞ-ın rəhbərlik etdiyi sülh təşəbbüslərinin sürətləndiyi dövrə təsadüf edir.
Prezident R.T.Ərdoğan əlavə edərək deyib: “Müvafiq tərəflərə lazım olan xəbərdarlıqları etmişik. Hadisələri yaxından təqib edirik və münaqişələrin sona çatdırılmasına yönələn hər cür töhfəni verməyə hazır olduğumuzu bildiririk.”






























