İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları “Səhənd-2025” adlı beynəlxalq genişmiqyaslı antiterror təliminə ev sahibliyi edir.

Az.shafaqna.com IRNA-ya istinadən xəbər verir ki, təlim Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin iştirakı ilə İranın Şərqi Azərbaycan vilayətində keçirilir.

SEPAH Quru Qoşunlarının ictimaiyyətlə əlaqələr üzrə müavini polkovnik-leytenant Şəhram Əsqərian məlumat verib ki, İran Silahlı Qüvvələrin Baş Qərargahının göstərişi əsasında, İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən Xarici İşlər Nazirliyi və ŞƏT-in Antiterror İcra Komitəsinin əməkdaşlığı ilə hazırlanan “Səhənd-2025” təlimi xüsusi strateji əhəmiyyətə malikdir.

O, İranın terrorçuluğa qarşı mübarizədəki mühüm təcrübələrinə toxunaraq bildirib: “İran İslam Respublikası həmişə terrorizm və terror qruplarına qarşı mübarizənin mərkəzində olub və bu yolda 17 mindən çox həmvətənimiz, o cümlədən qadınlar və uşaqlar terror hücumlarında şəhid edilib”.

Təlim 1 dekabr 2025-ci il tarixindən başlayaraq beş gün müddətində Şəbistər rayonunda yerləşən İmam Zaman (ə.c) mexanikləşdirilmiş briqadasının əməliyyat bölgəsində keçiriləcək. Təlimin əlavə detallarının və əməliyyat proqramının yaxın günlərdə SEPAH Quru Qoşunları komandanının əməliyyat üzrə müavini, briqada generalı Vəli Mədəni tərəfindən media vasitəsilə açıqlanacağı bildirilib.

Əvvəlki məqaləGürcüstanlı din xadimləri İmam Rza (ə) Ziyarətgahını ziyarət etdi – FOTO
Növbəti məqalədəMusa Sədrin işini izləyən hakim Qəddafilə bağlı Shafaqna-ya danışdı