İran İslam Respublikasına səfər edən Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) din xadimləri Məşhəd şəhərində İmam Rza (ə) Ziyarətgahını ziyarət edib.

Az.shafaqna.com xəbər verir ki, səfərdə Şeyx Hacı Faiq Nəbiyev, idarənin Şərqi Gürcüstan üzrə müftisi Hacı Etibar Eminov, Qərbi Gürcüstan üzrə müftisi Hacı Adəm Şantadze və nümayəndə heyəti iştirak edib.

Səfərin dördüncü günündə baş tutan ziyarət çərçivəsində qonaqlar Darul-Quran məktəbini, Gövhərşad məscidini, müqəddəs zərihi və hərəmin muzeylərini gəziblər. Onlara bildirilib ki, Darul-Quran hicri-qəməri 843-cü ildə Əmir Yusif tərəfindən inşa olunub və İmam Rzanın (ə) qəbri-şərifinin baş tərəfində yerləşir. Gövhərşad məscidinin isə Əmir Teymurun gəlini tərəfindən yeddi ilə tikildiyi, yeddi salondan ibarət olduğu və burada 821-ci ildə mismarsız hazırlanmış minbərin qorunduğu qeyd edilib.

Muzeydə Qurani-Kərimin qədim nüsxələri, o cümlədən Abdullah ibn Məsudun yazdığı Quran, həmçinin İmam Əli (ə), İmam Həsən (ə) və İmam Səccadın (ə) tərəfindən yazılmış hissələr saxlanılır. Eksponatlar arasında Gürcüstan Katolikos-Patriarxı II İliyanın təqdim etdiyi qızıl boyunbağı da nümayiş olunur.

Nümayəndə heyəti UNESCO tərəfindən tanınan İmam Rza (ə) hərəminin kitabxanasını da ziyarət edib. 1566-cı ildə əsası qoyulan kitabxana dörd milyondan çox əsəri özündə cəmləşdirir və İslam dünyasının ən zəngin arxivlərindən biri hesab olunur. Burada nadir əlyazmalar, Quran nüsxələri, fiqh, fəlsəfə, tarix və ədəbiyyat sahələrinə aid materiallar mövcuddur.

Ziyarətgahın rəhbərliyi ilə keçirilən görüşdə zəvvarlar üçün yaradılan şəraitdən danışılıb. Son beş ildə Gürcüstandan 33 zəvvar karvanının hərəmi ziyarət etdiyi qeyd olunub. Gürcüstan müsəlmanlarına xeyir-dualar çatdırılıb.

Ziyarətin sonunda nümayəndə heyəti hərəmdə camaat namazında iştirak edib, Qurani-Kərim və müxtəlif hədiyyələrlə təltif olunub. Onlara ziyarəti təsdiqləyən diplomlar təqdim edilib. Gürcüstanlı qonaqlar həmçinin hərəmdə təşkil olunan ehsan süfrəsində iştirak ediblər.

BGMİ rəhbərlərinin İran səfəri davam edir və qarşıdakı günlərdə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Əlaqəli xəbər:

BGMİ nümayəndə heyəti İmam Rza (ə) hərəmində – VİDEO

Əvvəlki məqaləAzərbaycan neftinin qiyməti: 1 gün ərzində…
Növbəti məqalədəŞərqi Azərbaycan vilayətində beynəlxalq hərbi təlim keçirilir