Yaponiyanın Baş naziri Suqa Yoşihide iqtidar partiyasının yüksək rütbəli məmurunun “evdə qal” çağırışlarına rəğmən gec saatlarında bayırda dolaşmasına, bununla da koronovirus pandemiyası ilə əlaqədar 11 əyalətdə tətbiq edilən fövqəladə vəziyyəti pozduğuna görə xalqdan üzr istəyib.
Az.shafaqna.com AA-ya istinadla xəbər verir ki, büdcə məsələləri üzrə Məşvərət Şurasının toplantısında çıxış edən Yoşihide iqtidar Liberal-demokratik partiyasının sədr müavini Matsumoto Yunun Tokionun Gindza rayonunda qadağan olunan saatlarda görünməsi barədə sualları cavablandırmalı olub.
“Mən ictimaiyyətə evdən bayıra çıxmamaq çağırışı etdiyim bir dönəmdə belə halın yaşanması çox üzücüdür”, – baş nazir deyib. O, həmçinin zəruri tədbirlərin görüləcəyinə dair də söz verib.
Qeyd edək ki, sözügedən qalmaqal “Shukan Shincho” İnternet nəşrinin Matsumotonun yanvarın 18-də restoranı saat 21:00-da tərk etməsi və Gindza rayonundakı barda saat 23:20-yə qədər qalması barədə məlumatı yaydıqdan sonra gündəmə gəlib.
Hazırda Yaponiyanın 11 ştatında pandemiya ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Əhaliyə son dərəcə zəruriyyət olmadıqda axşam saat 20:00-dan sonra evlərini tərk etməmək barədə xəbərdarlıq edilib.