Az.shafaqna.com-un verdiyi xəbərə görə, İsrail ordusu ötən həftə Qəzzanın cənubundakı Rəfahdakı tunellərdə qapalı qalan 40 HƏMAS üzvünü öldürdüyünü iddia edib.
Ordu noyabrın 30-da Rəfahın şərqindəki tunelləri məhv etməyə davam etdiyini və tunellərin içindəki silahlı HƏMAS üzvlərini zərərsizləşdirməyi hədəflədiyini bildirib.
Bəyanatda deyilir: “Ötən həftə tunellərin içərisində 40-dan çox silahlı zərərsizləşdirilib’’.
İsrail ordusu daha əvvəl yaydığı açıqlamada Rəfahda başqa HƏMAS döyüşçülərini öldürdüyünü və saxladığını da irəli sürmüşdü.
HƏMAS isə İsrail ordusunun son iddialarına münasibət bildirməyib.
İsrail mediasının məlumatına görə, təxminən 200 HƏMAS üzvü Rəfahda yeraltı tunellərin içərisində qapalı vəziyyətdə qalıb. Rəsmi Təl-Əviv isə hələlik HƏMAS və vasitəçilərin bu döyüşçülərin qrupun nəzarətində olan ərazilərə təhlükəsiz keçidi ilə bağlı tələblərinə cavab verməyib.
Rəfah hələ də İsrail ordusu tərəfindən işğal olunan Qəzzanın “sarı xətt” adlandırılan bölgəsində yerləşir.
Oktyabrın 10-da Misir, Qətər və Türkiyənin vasitəçiliyi, ABŞ-ın isə dəstəyi ilə İsrail və ‘‘Həmas’’ arasında atəşkəs müqaviləsi qüvvəyə minib.
İsrail ordusunun 2023-cü ilin oktyabrından bəri Qəzzaya endirdiyi zərbələr nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 70 mindən çox insan həlak olub, təxminən 171 min adam isə yaralanıb.
