Ukrayna münaqişəsinin əvvəlində Gürcüstanda hakimiyyətdə “xarici qüvvələrin sözü ilə oturub-duranlar” olsa idi, o zaman Tbilisi müharibəyə cəlb edilmiş ola bilərdi.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib.

Xatırladaq ki, Gürcüstan rəhbərliyi dəfələrlə bildirib ki, Qərb və Ukraynadakı bəzi qüvvələr Gürcüstan hakimiyyətini Abxaziya və Tsxinvalidə (Cənubi Osetiya) hərbi əməliyyatlar başlatmağa və beləliklə də, “ikinci cəbhə” açaraq Rusiyaya qarşı müharibəyə qoşulmağa razı salmağa çalışıblar. Tbilisinin bu tələblərdən imtina etməsi isə Qərb ilə münasibətlərin soyumasına səbəb olub.

Papuaşvili deyib ki, Rusiya-Ukrayna müharibəsinin sona çatmaq şansının yaranmasının fonunda münaqişənin ilk günlərindən bəri Gürcüstana qarşı irəli sürülən tələblər məsələsini yenidən aktuallaşdırıb.

Spikerin sözlərinə görə, əgər o zaman Gürcüstan “ikinci cəbhə”nin açılmasına razılıq versə idi, bu gün gürcüstanlılar müharibədə həlak olanları üçün göz yaşı axıdar və xaraba qalmış ölkəni yenidən qurmaq barədə düşünərdilər.

Papuaşvili qeyd edib ki, hətta ABŞ rəhbərliyi də etiraf edir ki, Ağ ev və Qərb başqa yanaşma sərgiləsə idi, Ukrayna münaqişəsi baş verməzdi.

O əlavə edib ki, hazırda hamı Ukraynanın hansı ağır şərtləri gözdən keçirməli olduğunu görür və bunun da fonunda xüsusi şəkildə aydın olur ki, Qərb ölkələrinin bəyanat və qətnamələrinə əsaslanan bəzi gürcü siyasətçilərinin rəftarı nə dərəcə yanlışdır.

Papuaşvili həmçinin xatırladıb ki, Ukrayna müharibəsi başlayandan 4 gün sonra ABŞ səfiri onunla görüşü zamanı Gürcüstanın müharibəyə cəlb edilməsinə gətirib çıxaracaq addımların atılmasını qəti şəkildə tələb edirdi.

Qanunverici orqanın rəhbəri deyib ki, ABŞ səfirinin tələblərinin icrası həmin müharibədə Gürcüstanın qurban verilməsi demək idi, səfir bunu ictimai şəkildə deməsə də, keçən il Gürcüstana səfər edən ABŞ-ın keçmiş dövlət katibinin müşaviri Ceyms O’Brayana şəxsən bildirib.

“Təhlükəsizlik zəmanəti vermədən Gürcüstandan Rusiya ilə hərbi münaqişə riskini tələb etməyin heç bir tutarlı izahını mən nə ozamankı görüşdə eşitdim, nə də ki, sonra. Eyni şey özünü NATO çətiri altında arxayın hiss edən bir çox avropalı siyasətçilərə də aiddir”, – deyə o qeyd edib.

Gürcü spikerin sözlərinə görə, məhz daha öncə Rusiya ilə münasibətlərdə strateji dözümlülük tələb edənlər Ukraynada münaqişə başladıqdan sonra maksimal eskalasiya tələb etməyə başlayıblar.

“Belə bir eskalasiyanın son mənzilinin müharibə olacağını isə – bizim uzaq olmayan keçmişimiz bunu bizə dəfələrlə göstərib. Rusiya ilə eskalasiya tələb edən, lakin bu işin finalının müharibə olacağını görməyən xaricilər isə – ya onların özləri sadəlövh idilər, ya da bizi sadəlövh hesab edirdilər”, – deyə o vurğulayıb.
Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Gürcüstan hakimiyyəti ölkə müxalifətinin və Ukrayna rəsmilərinin qınaq obyektinə çevrildi. Bu qınaqların birinci səbəbi rəsmi Tbilisinin təşkilatlı şəkildə Ukraynaya könüllü qüvvələr göndərməkdən imtina etməsi idi. Gürcüstan rəhbərliyi bəyan etmişdi ki, bu cür şəkildə qüvvələrin göndərilməsi ölkənin silahlı münaqişəyə qoşulması deməkdir.
Həmçinin Gürcüstan anti-Rusiya sanksiyalarından yayınmaqda ittiham edilsə də, sonradan Avropa, ABŞ və Britaniya rəsmiləri bu fikirlərin yanlış olduğunu elan etdi.
Gürcüstan Rusiyaya qarşı şəxsi sanksiyaların tətbiqindən də imtina edib, çünki bu addım yalnız Gürcüstanın özünə zərərlə nəticələnəcəkdi.
Əvvəlki məqaləGürcüstan DTX BBC telekanalı ilə bağlı araşdırmaya başladı
Növbəti məqalədəKonqo Ebola epidemiyasının rəsmi olaraq bitdiyini elan edib