KXDR lideri Kim Çen In bildirib ki, Koreya Xalq Ordusunun (KXO) Hərbi Hava Qüvvələrinə yeni strateji vasitələr veriləcək və onlara yeni, “əhəmiyyətli bir tapşırıq” həvalə olunacaq.
Az.shafaqna.com xəbər verir ki, 28 noyabrda Kim Çen In Hərbi Hava Qüvvələrinin 80 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak edib. Tədbirlər ikinci aviasiya diviziyasının qəhrəman Kil Yon Co adına 59-cu alaya aid Kalmask aerodromunda keçirilib. Agentliyin məlumatına görə, tədbirdə onu “hörmətli qızı” da müşayiət edib. Hərbi Hava Qüvvələrinin yubileyi münasibətilə xüsusi iclas da keçirilib və Kim Çen In burada çıxış edib.
Mərkəzi Teleqraf Agentliyi (CTAK) qeyd edir: “Yoldaş Kim Çen In bildirib ki, Hərbi Hava Qüvvələrinə yeni strateji hərbi vasitələr təqdim olunacaq və onlara yeni mühüm vəzifə tapşırılacaq”. Onun sözlərinə görə, Koreya Əmək Partiyası Hərbi Hava Qüvvələrinin “nüvə müharibəsinin qarşısını alma vasitəsi” kimi öz rolunu oynayacağına ümid edir.
